PZR (polimeraza zəncirvari reaksiyası) nədir?
PZR haqqında məlumat
Polimeraza zəncirvari reaksiyası (PZR) molekulyar genetika metodudur. Bu metod DNT (və ya RNT) fraqmentlərini analiz etməyə imkan verir. İstənilən insan, heyvan, bitki, parazit, bakteriya və ya virus müəyyən genetik material – DNT (RNT) daşıyıcısıdır. DNT hər bir canlı növü üçün xüsusi, hər bir fərd üçün isə individualdır. Əgər bir nümunədə kiçik bir DNT (RNT) varsa onu çoxaldaraq DNT izindən hansı canlıya məxsus olduğunu müəyyənləşdirmək olar.
PZR analizi bir-çox tibbi suallara cavab tapmağa kömək edir, nəticədə pasiyentin diaqnoz və müalicəsi düzgün həyata keçirilir. Xüsusilə kultivasiyası çətin olan patogen orqanizmlərin (HİV və digər viruslar, bəzi göbələk növləri) təyin olunmasında istifadə olunur. Genetik xəstəliklərin diaqnostikasında həmçinin PZR-dən istifadə edilir. Hazırda PZR diaqnostikanın müxtəlif növləri vardır.
PZR metodu ilə müxtəlif biomateriallarda – qan, sidik, nəcis, eyakulyat, yaradan sıyrıntı, onurğa beyni mayesi və s. patogen orqanizmlər təyin olunur.